35 illik “tənəffüs” bitir: Xankəndi müəlliminə artıq zəng gəlib | MÜSAHİBƏ

  35 illik “tənəffüs” bitir:  Xankəndi müəlliminə artıq zəng gəlib  | MÜSAHİBƏ
  21 Noyabr 2023    Oxunub:1960
Ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklər təkcə tarixin səhifələrində deyil, illərlə baxımsız, kimsəsiz qalan mədəni-maarif ocaqlarının divarlarında da həkk olunub. Bunlardan biri də 1988-ci il hadisələri başlayanda erməni professor-müəllim və tələbə heyətinin azərbaycanlı təhsil işçiləri, məktəbli və tələbələrinə qarşı işgəncəsinə, vandalizminə şahid olan Xankəndi Pedoqoji İnstitutudur.
Arayış:
Xankəndi Pedoqoji İnstitutu 1969-cu ildə Azərbaycan SSR-nin Xankəndi şəhərində yaradılıb. Əvvəlcə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərib. 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. İnstitutda Azərbaycan, erməni və rus dili şöbələrində müəllim kadrları hazırlanıb.
Qarabağda baş verən erməni qiyamı zamanı institutun Azərbaycan şöbəsinin müəllim və tələbələri 1988-ci il may ayının 16-da Şuşa şəhərinə sığınmağa məcbur olublar. Bir müddət sonra 100 nəfərlik professor-müəllim kollektivi və 1200 tələbə Gəncə Pedaqoji İnstitutuna köçürülüb. Amma bir ilə yaxın Gəncədə fəaliyyət göstərən pedaqoji kollektivin təkidli tələbi ilə şöbənin 1989-cu il oktyabrın 25-də Şuşaya köçürülməsi qərara alınıb.
Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin 01 noyabr 1989-cu il tarixli əmrinə əsasən Şuşada Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin əsasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa fakültəsi yaradılıb. 22 fevral 1991-ci ildə fakültənin ADPİ-nun Şuşa filialına çevrilməsi ilə bağlı qərar qəbul edilib.
1992-ci ilin mart ayının 25-də filialın kollektivi müvəqqəti olaraq Ağcabədi şəhərinə köçürülüb. Daha sonra ADPU-nun Şuşa filialı 2000-ci ildə ləğv edilib və onun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılıb.
2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu ADPU-ya birləşdirilib və onun filialları universitetin strukturuna çevrilib. Beləliklə, Ağcabədi filialı yenidən ADPU-ya verilib və hazırda da filial fəaliyyətini davam etdirir.



Sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal antirerror əməliyyatı zamanı Xankəndi şəhəri və Qarabağın digər əraziləri qanunsuz silahlı erməni birləşmələrindən təmizləndi. Qarabağ ərazisində Azərbaycanın suverenliyinin tam təmin edilməsilə bu torpaqlara, eləcə də təhsil ocaqlarına yeni nəfəs gəldi.

AzVision.az bir zamanlar Xankəndi Pedoqoji İnstitutunda müəllim, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPİ) Şuşa filialının direktoru işləmiş Mail Alıcanovla həmsöhbət olub. Hazırda 85 yaşı olan M.Alıcanov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının kafedra müdiri vəzifəsində çalışır.

O, 1979-cu ilin sentyabrın 1-dən Xankəndi Pedoqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb. İnstitutda ictimai vəzifələrdə işləyib, partiya komitəsinin katibi, xalq nəzarətinin sədri olub. Eyni zamanda ümumi tarixi kafedrasının dosenti, daha sonra müdiri vəzifəsində çalışıb.

- Xankəndi Pedoqoji İnstitutunda tədris 3 dildə aparıldığı üçün azərbaycanlı tələbələr ermənilərlə bir yerdə təhsil alırdı. O zaman beynəlmiləlçilik, qardaşlıq, xalqların dostluğu hökm sürürdü. Lakin 1988-ci ilin oktyabrın 18-də keçmiş Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrə görə SSRİ Nazirlər Kabinetinin qərarı ilə İnstitutda Azərbaycan bölməsi bağlandı. Biz o zaman Şuşaya sığındıq. Orada qalmaq istəyirdik, lakin bizi Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutuna köçürdülər.


Xankəndi Dövlət İnstitutunda dövlət imtahanı, 1981-ci il 31 may

- Bu hadisələr barədə bir qədər ətraflı danışa bilərsiniz?
- Bizi və tələbələri hadisələrdən uzaq saxlamaq üçün Ağdamda o vaxt sosialist əməyi qəhrəmanı olan Xuraman xanımın alma bağına yığıma göndərmişdilər. 1988-ci ilin yay imtahan sessiyyasını Şuşada keçirəndən sonra Xankəndiyə qayıtmaq istəsək də, qoymadılar. Dedilər ki, ya Naxçıvana, ya da Gəncəyə getməlisiniz. O zaman Naxçıvanda da vəziyyət ağır idi, blokada yaradılmışdı. Biz Gəncəyə getdik. Gəncədə bir il işləyəndən sonra eşitdik ki, erməni sektoru Xankəndində fəaliyyətini davam etdirir. Pedoqoji kollektivimiz - fəal müəllimlərdən dosent Zəfər Hüseynov, dosent Raquf Kərimov, dosent Yusif Ağayev, hazırda BDU-nun professor olan Fazil Baxşəliyev, rəhmətlik Süleyman Zeynalov, dosent Yusif Fərzəliyev və bir çoxları tələbələr arasında geniş təbliğat işi apardı. Tələbələr də sağ olsunlar, hamı bir nəfər kimi razılaşdı və 1989-cu ilin oktyabrın 29-da Şuşaya gəldik.

O zaman Şuşa rayon komitəsinin katibi Vaqif Cəfərov idi. Şuşada bizi çox yaxşı qarşıladılar. Tədris aparmağımız üçün bizə müvəqqəti olaraq Şuşa Realnı Məktəbinin binasını verdilər. Onu təcili təmir etdilər, müəllimləri sanotoriyada yerləşdirdilər. Eyni zamanda tələbələrin də qalmasına köməklik göstərdilər. Onda başa düşdüm ki, belə xalqı məğlub etmək olmaz.



Tələbələrə, kollektivə bu gün də minnətdaram ki, bütün çətinliklərə - Şuşanın mühasirədə olmasına, atışma getməsinə, şəraitin, təhsil binasının olmamasına baxmayaraq bizimlə gəldilər. O zaman institutun filialının yaranması SSRİ Nazirlər Kabinetinin qərarı ilə mümkün idi. İlk növbədə Pedoqoji İnstitutunun Şuşa fakültəsi, daha sonra Şuşa filialı yaradıldı. Orada Azərbaycan dili və ədəbiyyatı, tarix, riyaziyyat, ibtidai təhsilin pedoqikası və metodikası, məktəbəqədər, ümumi texniki fənlər və fizika - təxminən 7 ixtisas üzrə tələbə hazırlanırdı. Filial olduqdan sonra burada 3 fakültə yaradıldı. Tələbələrin təhsil və tərbiyəsi ilə 37 nəfər elmlər doktoru, professor, dosent məşğul olurdu.

- Xankəndi Pedoqoji İnstitutunun rektoru, prorektorları kimlər idi?
- Rektor erməni idi. 1979-cu ildə mən gedəndə Sergey Yefromoviç Xalatryan idi, sonrakı rektorun adını unutmuşam, soyadı Sarkisyan idi. O, Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun partiya təşkilatının katibi idi.
APİ-də rektor azərbaycanlı olduğu üçün partiya təşkilatının katibi erməni olurdu. Onu təcrübəli müəllim kimi Xankəndiyə direktor göndərmişdilər. Lakin o da 1988-ci ildə bütün ermənilər kimi hadisələrə qoşulmuşdu. Erməni tələbələri nümayişə çıxarırdı, ermənicə onlara “tələsin, nümayişə gedin” deyirdi. Bütün nümayişləri onlar özləri təşkil edirdilər. Lakin prorektorlar azərbaycanlılar idi. Onlardan biri Nəcəf Quliyev idi.

Xankəndi şəhərində partiya təşkilatının iclası: ayaqüstə duran Xankəndi Pedoqoji İnstitutunun rektoru Sergey Yefromoviç Xalatryan, onun sağında prorektor Nəcəf Quliyev, sol tərəfində isə Mail Alıcanov, 1980-ci il

- Şuşaya köçəndə vəziyyətin ağır olduğunu dediniz. Müəllim və tələbə heyətinizdən yaralanan və ölən olmadı ki?..
- Şuşa hər yerdən blokadaya alınmışdı. Ağdam-Xankəndi-Şuşa yolu bağlanmışdı. Gediş-gəliş ya vertolyotla olurdu, ya da Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl-Qubadlı-Laçın yolu ilə 400 km dolanıb, Şuşaya gedirdik. 40 km yol 400 km olurdu. Bütün bunlar çox çətinliklə edilirdi. Lakin tələbələrin, pedoqoji heyətin fədakarlğı çətinlikləri unutdururdu.

Bir neçə müəllim-professoru çıxmaqla bütün pedoqoji heyət Şuşaya gəlmişdi. Onların əksəriyyəti Qarabağ zonasından - Bərdə, Ağdam, Xocalı, Ağcabədi və digər ətraf rayonlardan idi. Tələbələr bütün respublika ərazisindən olurdu, amma üstünlük Qarabağ bölgəsinə düşürdü. Başqa bölgədən - Şamaxıdan olan yeganə müəllim mən idim. Lakin o ağır günlərdə kollektivdən, torpağımdan ayrı düşmədim. O ərazilər mənim üçün doğma idi.

Xankəndidən mərmilər atılırdı. Ermənilərin təxribatı hər gün genişlənirdi. Tələbələrin qəhrəmanlığına, mətanətinə, dəyanətinə heyran oldum, vuruldum. Erməni qəsbkarlarının açdığı atəş nəticəsində filialın iki müəllimi və iki tələbəsi şəhid oldu, xeyli tələbə müxtəlif dərəcəli bədən xəsarəti aldı. Şəhid olan müəllimlər Kərkicahan üzərində vurulan vertolyotda idilər. Onlardan biri - Mürşüd Dünyaməliyev İkinci Dünya Müharibəsinin iştirakçısı idi, tarzən Sadıqcanın (Mirzə Sadıq) evində qalırdı. İkinci müəllim Sara xanım idi, Almaniyada təhsilini alman dili üzrə bitirmişdi, dili təmiz bilirdi. Gənc kadr idi, nişanlanmışdı. Həyatı yarımçıq qaldı.

- Şuşa filialı yarananda neçə tələbə təhsil alırdı?
- Əyani-qiyabi şöbədə 1000-dən çox tələbə olardı. İldə 400-ə yaxın qəbul verilirdi.

- 1988-ci ildə ermənilərin toplandığını, nümayişə getdiyini qeyd etdiniz. O zaman Xankəndidə başqa nələr yaşanırdı?
- Biz o dövrdə xalqlar dostluğu ruhunda tərbiyə almışdıq. Təəssüf edirəm ki, tarixdə həmişə olduğu kimi ermənilər bu dəfə də Azərbaycanın ən ağır günlərində ona qarşı çıxdılar. Bizimlə “həmkar” olan ermənilər düşmənə çevrilmişdilər. İndi danışdıqca gözümün qarşısından lent kimi keçir. Xankəndi Pedoqoji İnstitutunun qapısında tarix fakültəsinin dekanı, dosent Süleyman Zeynalovun saçını yolmuşdular. Bizə “qardaş”, “dost” deyən bu xalqın nümayəndələri qatı düşmənə çevrilmişdilər. O zaman başa düşdüm ki, bu xalq azərbaycanlıların əsl düşmənləridir.

Erməni xisləti fəsillərdə rəngini dəyişən heyvanlar kimidir. Onlar ac olanda özlərini elə göstərirdilər ki, sanki bunlardan yaxşı yoldaş yoxdur, amma “milli məsələləri” qalxanda dəyişdilər. Hadisələrin başlamasından 8-9 ay keçərdi, Şahin Abramyan adlı kafedra müdiri mənə dedi ki, ermənilərin nə etməli olması, kimə qarşı vuruşması barədə Ermənistanda qəbul edilən qərarlar 30 dəqiqədən sonra Qarabağdakı ən ucqar kənddə yaşayan erməniyə çatdırılır. Bunlar illərdən bəri hazırlanan, məqsədəuyğun plan idi. O deyirdi ki, “bu, ümummilli erməni hərəkatıdır. Heç bir erməni kənarda qala bilməz”.

Tarix ibrət dərsidir, biz doğru nəticə çıxarmağı bacarmalıyıq. Yaşasın Ali Baş Komandan və Azərbaycan Ordusu, əsgər və zabitlərimiz! Onlar bir gün ərzində erməni terrorçularını Xankəndidən çıxardılar. Bizim Ana yurdumuz, torpağımız, dağlarımız dərələrimiz azad nəfəs aldı, yağı düşməndən azad olundu. Bu gün rahat ölə bilərəm, çünki qələbəni gördüm. Bu, Azərbaycan xalqının milli qürurunun geri qaytarılmasıdır. Sevincimin həddi-hüdudu yoxdur.


Xankəndi Pedoqoji İnstitutunun azərbaycanlı müəllim heyəti Xankəndidə 1981-ci il 7 noyabr paradı

- Hadisələr başlayanda Xankəndidə yaşayan azərbaycanlılar necə sıxışdırılırdı?
- Ermənilər qruplara bölünərək, şəhərin müxtəlif hissələrində guya söhbət edirdilər. Əslində isə toplaşıb nəsə etməyi planlayırdılar. O zaman Xankəndidə əhalinin az qala yarısının azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilində bir məktəb var idi - Nizami Gəncəvi adına 4 saylı məktəb. Ermənilər də əsasən uşaqlarımızın oxuduğu bu məktəbin yolunda toplaşırdı. Təbii ki, uşaqlar gedib-gələndə həyəcan keçirirdilər.
O zaman Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası Münasibətlər Şöbəsinin müdiri Ziya Yusifzadənin bu məsələlərlə bağlı Qarabağa gəldiyini eşitdim. Şuşaya gedib teleqram vurdum ki, məni qəbul etsin. İşdə olarkən günün ikinci yarısı dəhlizdə bir rus mənim yanımdan keçəndə dedi ki, “sabah sizi Dövlət Təhlükəsizlik Komitəsində gözləyirlər”.
Dəhlizdə də heç kim yox idi. Ziya Yusifzadənin müavini rus generalı ilə məni qəbul etdi. Xahiş etdim ki, şəhərin mərkəzində ermənilərin "yığıncağı”nın qarşısı alınsın. Dedilər, onların toplaşma yerini qardaşlıq məzarlığına köçürməyə çalışacaqlar. Amma heç nə etmədilər. Ovaxtkı ölkə rəhbərliyi heç nə etmirdi.

- Bəs İnstitutda Azərbaycan bölməsi niyə bağlandı? Səbəb nə göstərilirdi?
- O zaman deyirdilər ki, Azərbaycan bölməsi Bakıda varsa, Xankəndidə də olması nəyə lazımdır? Hətta buna görə 1988-ci ilin yayında Xankəndi Pedoqoji İnstitutunun Azərbaycan bölməsinə qəbul verməmişdilər. Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirova teleqram vurdum. Birinci dəfə bizi qəbul etməyib, elm və təhsil şöbəsinə - Rafiq Əliyevə yönəltdilər. İkinci teleqramı vurdum, bu dəfə Vəzirov məni, İnstututun prorektoru Nəcəf Quliyevi və Yusif Ağayevi qəbul etdi. 1 saata yaxın söhbət etdik. O zaman ali məktəblərə qəbulda rüşvət olduğu üçün bizə dedi ki, “bunu yəqin, rüşvət almaq üçün edirsiniz”. Mən təklif etdim ki, qəbul Bakıda keçirilsin, amma tələbələr oxumaq üçün Xankəndiyə gəlsinlər. Bununla da Dağlıq Qarabağla Aran Qarabağın əlaqəsi kəsilməsin. Tələbələrin valideynləri övladları ilə əlaqə saxlamaq üçün Bərdə, Yevlax, Ağcabədidən və digər yerlərdən Xankəndiyə gələcək, əlaqə itməyəcək. Bu fikir ağlına batdı və təhsil nazirinə göstəriş verdi ki, Azərbaycan bölməsinə 100 nəfər qəbul verilsin. Lakin o qəbulu keçirə bilmədilər. Şovinist ruslar, erməni daşnakları buna imkan vermədi.


Xankəndi Pedoqoji İnstitutunun qarşısı. Sağda Mail Alıcanov, solda Nəsib Şəfiyev

- Xankəndidə azərbaycanlılara qarşı hansı vəhşilikləri edirdilər?
- Fevralın 20-də iki azərbaycanlını qətlə yetirdilər. Hadisə Əsgəranın girəcəyində baş vermişdi. Bir saat sonra oradan tankların arasından keçib Xankəndiyə getmişdim. Gənclərdən birinin adı Əli idi. Onu öldürüb yandırmışdılar. Xankəndidə azərbaycanlıların evini benzin töküb yandırır, maşınlarını əzirdilər. Xankəndiyə gələn azərbaycanlıların avtobuslarını daşa basırdılar, güllələyirdilər. Nizami həkim var idi, onu döyüb elə günə salmışdılar ki, həyatını itirdi. Bunları edənlər Azərbaycanda yaşayan ermənilər idi. O adamlar ki, onların elmi rəhbərləri azərbaycanlı akademik, professorlar olmuşdu.

- Bu hadisələrin fonunda tədris necə aparılırdı?..
- O dövrdə hamı bizə kömək edirdi. APİ-nin rektoru Sərvər Aslanovun, Nizami Xuduyevin, prorektor Malik Cəbrayılovun, baş mühasib Nəsrəddin Musayevin və bir çox digər şəxslərin fəaliyyəti unudulmazdır, əvəzsizdir. Onlar bizi metodik vəsaitlərlə, kitablarla təmin edirdilər. Hətta rektorun özü də Şuşaya gəlib, bizə mənəvi dəstək verirdi. Ümumxalq yardımı edilirdi.
Tələbələrimiz də hamısı bir nəfər kimi yaxşı oxuyurdular. Oğlanlarla yanaşı, Azərbaycan qızlarının cəsarəti, hünəri məni heyran etmişdi. Onlar Nigar, Həcər ənənəsini nümayiş etdirirdilər.


Şuşa şəhəri 1990-ci il. Qara eynəkdə Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Sərvər Aslanov çətin günlərdə Şuşa filialının müəllimlərinin yanına gəlib

- Tələbələrdən könüllü döyüşə gedənlər oldu?
- Şuşa elə döyüş meydanı idi. Azərbaycanlılar Xankəndindən çıxarılmış, Kərkicahan boşaldılmışdı. Şuşa döyüş mərkəzinin qərargahı idi. Hamı orada idi. Gündüz işləyib, oxuyur, gecə isə keşik çəkib, ərazini yoxlayırdılar. Kim əlindən nə gəlirsə, edirdi.

- Torpaqlar işğaldan azad olunandan sonra Şuşaya getmisiniz?
- Özüm də gözləmədən 2021-ci ilin mayında məni Şuşaya göndərdilər. Orada Rusiyadakı səfirimiz Polad Bülbüloğlu, Şuşa Realnı Məktəbin direktoru Şükür müəllimlə görüşdüm. Şuşanı gəzdim. İnstitutun yerləşdiyi gimnaziyanın ərazisinə baxdım. Şuşada bütün tarixi abidələr dağıdılmışdı. Şuşadan bir ovuc torpaq götürdüm. Bu torpaq mənə yeni nəfəs, can verdi. Sevincimin həddi-hüdudu yox idi.



- Təklif gəlsə, Xankəndiyə gedib yenidən orada işləyərsiniz?
- Xankəndinin bir gündə azad edilməsi ilə mən dünyanın ən xoşbəxti oldum. Artıq Xankəndiyə qayıtmaq barədə mənə zəng olunub. Ailəmlə birlikdə qayıtmaq barədə razılıq vermişik, sənədlərimizi təqdim etmişik. Bir nəfər kimi biz Qarabağa qayıdacağıq. İşləsəm də, işləməsəm də orada yaşayacağam.

Aytən Zəhra
AzVision.az


Teqlər: Xankəndi   Pedoqojiİnstitutu  





Xəbər lenti